Çəyirtkələr ən təhlükəli zərərvericilərdir – fermerlərə tövsiyə


Çəyirtkələr (Acrididae) - düzqanadlılar   (Orthoptera)   dəstəsinin çəyirtkəkimilər (Acridoidea) fəsiləüstünə aid həşərat fasiləsidir. Cənubi Avropa, Cənubi və Şərqi Asiya, Afrika, Cənubi və Şimali Amerika və Avstraliyada yayılmışdır. Dünyada 10000, Azərbaycanda 125-dən çox növü var. Azərbaycanda rast gəlinən Asiya, Mərakeş və Səhra çəyirkələri sürü halında, Zaqafqaziya (Cənubi Qafqaz) xaçlı, Bostan, Göyqanadlı və s. çəyirtkələr tək halda, İtaliya, Turan və s. çəyirtkələr isə hər iki formada yaşayan növlərdir. Hazırda respublika ərazisində çəyirtkələrin, əsasən daha təhlükəli 3 növünə - Mərakeş (,Dociostaurus maroccanus Thunb.), Asiya (Locusta migratoria L.) və İtaliya Caloptenus italicus (Linnaeus) çəyirtkələrinə rast gəlinir. Mərakeş çəyirtkəsi geniş yayılmış və çoxsaylı növdür. Azərbaycan Respublikası ərazisində bitkiçiliyə ən çox zərər vuran Mərakeş çəyirtkəsidir.

Təsviri. Mərakeş çəyirtkəsinin bədəni sarımtıl-boz rəngdə olub, üzərində tünd xallar vardır, əmgək çökəkliyi enlidir, qabaq kürəkcik üzərində “X” şəklində naxış vardır. Dal ayaqlarının baldır hissəsi qırmızı rəngdədir. Yetkin fərdlərin uzunluğu 25-38 mm-dir.

Asiya çəyirtkəsinin bədəni yaşıl, yaxud qonur, üst çənələri isə mavi rəngdədir. Qanadlar üzərində qonur ləkələr vardır. Dal budların alt tərəfində mavi ləkələr vardır. Yetkin Asiya çəyirtkəsinin uzunluğu 60-75 mm-dir.

İtaliya çəyirtkələri sarımtıl, tünd-qonur və ya açıq boz rəngdə olurlar, bədənlərinin uzunluğu 14-41 mm arasında dəyişir Öndöşü üzərində üç qabırğa və ön ayaqlarının çanaqları arasında barmaqşəkilli çıxıntı vardır.

Yayılması. Ölkəmizdə Mərakeş çəyirtkəsi, əsasən yovşanlı sahələrdə yaşayıb, çoxalır. Bu çəyirtkənin əsas yayılma mənbələri Ceyrançöl, Haramı duzu Qarasu, Padarçöl,

Küdrü, Hergi düzü, Şirinqum, Lapatin və Acınohur əraziləridir. Çəyirtkə qışlaqları Azərbaycanda 34 rayonun ərazisinə düşür.

Mərakeş çəyirtkəsi İran, Əfqanıstan, eləcə də Ermənistan, Gürcüstan və digər ölkələrdən Azərbaycan ərazilərinə miqrasiya edə bilir. Ölkəmizdə çoxalma mənbələrindən uçan çəyirtkə sürüləri də qonşu rayonların əkin sahələrinə böyük miqyasda ziyan vura bilirlər. 2008-ci ilin iyununda Samux rayonunun (Eldar mahalında yerləşən Poylu, Kəsəmən, Qarabağlı, Salahlı və Burunqovaq kəndlərinin) əkin sahələri Ceyrançöl ərazisindən uçan Mərakeş çəyirtkələrinin hücumuna məruz qalıb. Sahədə ot bitkiləri çox zəif inkişaf etdikdə (yem ehtiyatı az olduqda) çəyirtkə sürfələri daha tez ll-lll yaş mərhələsində ikən miqrasiya etməyə başlayırlar.

.Gürcüstanla həmsərhəd ərazilərdə Zaqatala, Şəki və Qax rayonlarının ərazilərində İtaliya çəyirtkəsi geniş yayılıb. 2017-ci ildə iyunun birinci dekadasında Hacıqabul yaxınlığında Qarasu və Padarçöl düzənliklərində İtaliya çəyirtkəsinin l-ll yaşlı sürfələri aşkar olundu, onlar çoxsaylı olduqlarından, kimyəvi mübarizə tətbiq etmək lazım gəldi. Təkcə 2014-cü ildə Şəki-Zaqatala bölgəsində Mərakeş çəyirtkəsi ilə yanaşı, Zaqatala rayonunda 200 ha və Qax rayonunda 50 ha ərazidə İtaliya çəyirtkəsi, Şəki rayonunda isə 300 ha ərazidə Türkmən çəyirtkəsi qeydə alınmışdır

Zərəri. Çəyirtkələr bitkilər üçün ən təhlükəli zərərvericilərdir. Bitkilərin yarpaq və digər orqanlarını kobud gəmirmək onların səciyyəvi zədələmələridir ki, bu çox vaxt bitkinin məhvinə səbəb olur. Bu ziyanvericilər taxıl, meyvə-tərəvəz, pambıq və s. mədəni bitki əkinlərini, hətta yarpaqları yeyərək meyvə ağaclarını belə məhv edirlər. Mərakeş çəyirtkəsi sürüləri, əsasən aran rayonlarında taxıl sahələrinə ciddi zərər verir. Mərakeş çəyirtkəsi sürfələri gün ərzində bədən çəkilərindən 10 dəfə çox qida yeməyə qadirdirlər.

Çəyirtkələrin qəflətən kütləvi uçuşu kənd təsərrüfatı bitkiləri (taxıllar, pambıq və s.) üçün xüsusilə təhlükəlidir. Qida axtaran sürfələrdən ibarət topalar (kuliqalar) keçdikləri yerlərdə bütün yaşıllıqları məhv edir. Sürfələr və yetkin çəyirtkələr bitkinin yarpağını, gövdəsini, sünbülünü, meyvəsini və s. yeyir. Ətrafda bitən bütün bitkiləri məhv etdikdən sonra, digər yerlərə uçurlar. Bəzən üzərinə toplanan çəyirtkələrin ağırlığından ağaclar və kollar sınır. Hər fərd ömrü boyu 300 qramadək yaşıl kütlə yeyir. Gün ərzində sürfələr 20-30 dəfə qidalanır. Kütləvi çoxalma dövründə fərdlərin sayı 1 m2-də bir neçə yüzə və hətta minə çatır. Çəyirtkələrin verdiyi zərər bəlaya, fəlakətə çevrilə bilir.

Həşəratın bioekologiyası. Kütləvi çoxalma zamanı çəyirtkələr toplaşıb kuliqalar (sürfələrin topası), yaxud sürülər (yetkin çəyirtkələrin toplanması) əmələ gətirirlər. Həyat tərzlərinə görə çəyirtkələrdə iki forma - tək (az hərəkətli) və sürü halında yaşayan formalar qeydə alınır. Sürü halında yaşayanlar uzaq məsafələrə hərəkət etməklə daha ziyankar olurlar.

Bu həşəratlar gün ərzində sürü ilə 30 kilometrdən çox məsafəni qət edə bilir. Çəyirtkə sürüləri 15-20 km/saat sürəti ilə hərəkət edərək, gündə 20 saat uçuş etmə qabiliyyətinə malikdirlər. Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər.

Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın 2-7 sm dərinliyində keçirir. Dişi fərdlər 2-3 küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Mərakeş çəyirtkəsinin sürfələri Azərbaycan şəraitində martın axırları və aprelin əvvəllərində görünməyə başlayırlar. Mühit şəraitindən asılı olaraq, sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar.

Asiya çəyirtkəsi də yumurta fazasında qışlayır. Dişi fərd 300-ə qədər yumurta qoya bilir. Yumurtalar hər birində 50-115 ədəd olmaqla, torpağın üst qatında (2-7 sm dərinlikdə)

Hazırladığı küpəciklərə(kisəciyə) yerləşdirilir. Kupəciyin uzunluğu 8-75 mm arasında dəyişir. Sürfələr küpəciklərin içərisində əmələ gəlirlər və aprelin birinci və ikinci ongünlüklərində torpağın səthinə çıxırlar, onlar 1-2 ay müddətində 5 yaş keçirərək imaqoya çevrilirlər. Çəyirtkələr ildə bir nəsil verir. Asiya çəyirtkəsinin miqdar dinamikası 4 mərhələdən ibarət sikllə xarakterizə olunur

-kütləvi yumurtaqoyma və əlverişli yerlərdə sürfələrin çoxlu toplanma dövrü;

-çəyirtkələrin miqdarınin kəskin artması və müvəqqəti çoxalma zonası əmələ gətirməklə müşahidə olunan tək yaşayış formasından sürü halına keçmə;

-kəskin artmanın zəifləməsi və sürü halından tək yaşayış formasına keçmə. Bu dövr tutulan ərazinin kiçılməsi və daimi yumurta qoyma məkanına qayıdışla müşahidə edilir;

-depressiya dövrü, bu zaman ancaq tək yaşayış forması mövcud olur

Çəyirtkələrin kütləvi çoxalması 10-12 il intervalı ilə baş verir və bu tip çoxalma bir

neçə il davam edə bilər.

Öyrənilmişdir ki, yazda yumurtaların inkişafı və sürfələrin çıxma dövründə yağıntıların miqdarı 100 mm-ə yaxın olduqda Mərakeş çəyirtkəsinin inkişafı üçün çox əlverişli, 100 mm-dən az və ya çox olduqda kütləvi çoxalma üçün əlverişsiz hesab olunur Asiya çəyirtkəsi üçün yaz daşqınlarının səviyyəsi və davamlılığı əhəmiyyətlidir, daşqın suları inkişafı stimullaşdırdığı halda, üzunmüddətli daşqınlar çəyirtkə yumurtalarının kütləvi məhvinə səbəb ola bilər.

Çəyirtkələr poykiloter orqanizmlərdir, bədən temperaturaları, eləcə də davranışları ətraf mühit temperaturundan çox asılı olur. Bədən temperaturası 26-27°C-ə çatdıqda sürfələr qidalanmağa başlayır, 35°C-ə çatdıqda isə hərəkət edirlər. Günəş şüaları bədən temperaturasının mühitin istiliyindən 10-15°C yüksək olmasını təmin edir. Bədən temperaturası aşağı (25°C-dən aşağı) və ya yüksək (torpaq səthində istilik 45°C-dən yuxarı olduqda) olduqda çəyirtkədə keyimə əmələ gəlir. İsti dövrdə qidalanma, əsasən səhər və axşam saatlarına təsadüf edir. Sürfələr aprel-may aylarında səhər saatlarında bitkilər üzərində keyimiş vəziyyətdə qalırlar. Mübarizə zamanı həşəratın bu xüsusiyyətləri nəzərə alınmalıdır.

Mübarizə tədbirləri : Çəyirtkələrə qarşı əsasən 3 mübarizə üsulundan istifadə edilir: mexaniki, aqrotexniki və kimyəvi üsullar.

Mexaniki üsul. Mexaniki zədələməklə (məsələn, ağır əşya ilə) yaşlı fərdlərin bir qismini məhv etmək olur ki, çəyirtkə sürülərinin əkinlərə kütləvi basqınları zamanı bu tədbir yararsızdır. Mexaniki üsul zərərvericinin torpaq altında üsküklərdə yaşama dövründə daha səmərəlidir. Sirayətlənmiş torpağı başdanbaşa belləmə və ya şumlamaqla yumurta və sürfələrin əsas hissəsi məhv edilir. Gövşəni və quru bitki qalıqlarını yandırmaqla da qoyulmuş yumurtaların bir qismini zərərsizləşdirmək mümkündür, lakin yumurtaların əsas hissəsi torpağın 5-7 sm dərinliyində yerləşdiyindən, yanma zamanı ayrılan istilik bu səviyyədə yerləşən yumurtalar üçün təsirsiz olur. Digər tərəfdən yandırma torpağın üst qatında faydalı biotanın məhvinə və torpaqda münbitliyin azalmasına səbəb olduğundan, tətbiqi tövsiyə olunmur Sürfə topalarının hərəkət etdiyi yollarda kanallar qazaraq, onları toplayıb məhv etmək də mexaniki üsula aiddir

Aqrotexniki üsul. Xüsusən payız aylarında torpağın üzdən yumşaldılması, malalanması və kultivasiyanın aparılması çəyirtkələr əleyhinə səmərəli tədbirlərdir. Erkən yazda əkinlər arasındakı boş yerlərin, yol kənarlarının və suvarma kanallarının yamaclarının disklənməsi faydalıdır. Bu əməliyyatlar qoyulmuş yumurtaların əzilərək və ya torpaq səthinə çıxaraq müxtəlif səbəblərdən məhv olmasına və zərərvericinin miqdarca azalmasına səbəb olur.

Erkən səpin, dondurma şumu və alaqlarla mübarizə aparmaq, sıx və bərabər cücərtilərin əldə edilməsi çəyirtkələrin yaşama və çoxalmaları üçün əlverişsiz ekoloji şəraitin yaranmasını təmin edir.

Kənd təsərrüfatı əkinləri üçün istifadə edilməyən sahələrdə yem bitkiləri səpməklə sıx ot örtüyü yaratmaq, otlaqları yaxşılaşdırmaqla biçənəyə çevirmək, otlaqların həddindən artıq tapdanmasına və otarılmasına yol verməmək, xam və dincə qoyulmuş torpaqlardan istifadə etmək və çoxalma yerlərində meliorativ tədbirlərin həyata keçirilməsi mərakeş çəyirtkəsinə küpəcikləri formalaşdırmağa və yumurta qoyuluşuna maneə olur.

Göl və çay ətrafı çaybasar, cillik və çökək (kollu və qamışlı) sahələrin qurudulması və kənd təsərrüfatı məqsədləri ilə istifadə olunması asiya çəyirtkələrinin çoxalma yerlərinin ləğv edilməsinə, həşəratın miqdarca məhdudlaşdırılmasına gətirib çıxarır.

Kimyəvi üsul. Çəyitkələrin sürətli hərəkət etmələrini, acgözlülüklərini və hərəkət yollarında yaşıl bitkiləri tam məhv etmələrini nəzərə alaraq, böyük sahələrdə onları məhv etmək üçün kimyəvi üsuldan geniş istifadə edilir.

.Qışlama yerlərində çəyirtkələrin qış ehtiyatını (vahid ərazidə küpəciklərin və sağlam yumurtaların miqdarını) aşkar etmək məqsədilə monitorinqlər aparılmalı, vahid sahəyə düşən küpəciklərin miqdarı və digər təsir faktorları nəzərə alınaraq, kimyəvi mübarizə aparılması vacib olan sahənin həcmi proqnozlaşdırılmalıdır.

Mübarizə tədbirlərində Mitsubishi l-200 markalı pikap tipli avtomobillərə quraşdırılmış AU 8115M markalı ultra kiçik həcmli, Skout 28s-300 markalı aftonom  ciləyici aqreqatlar, həmçinin traktorlara qoşulmuş 2000 litrlik qoşqulu çiləyicilərdən istifadə olunur. Mübarizə işləri Alfa-sipermetrin tərkibli Chrysamed Dedex (Alfa-sipermetrin 1% ULV) və Arrivo 25 ES (Sipermetrin 250q/l) preparatları ilə aparılır. Hazırda çəyirtkələrin sürfələri 1-ci yaş dövründədir və mübarizə tədbirləri müşahidələrin nəticələrinə əsaslanaraq lokal ərazilərdə aparılır.   

Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki,  təsərrüfatlarında adıçəkilən zərərvericinin müşahidə edildiyi halda, dərhal  Aqraq Xidmətlər Agentliyin müvafiq yerli qurumlarına ( Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin “1652” çağrı mərkəzinə məlumat verilməsi tövsiyə olunur.