Azərbaycana aqrar məsləhət xidmətləri və müsbət təcrübə modelləri təklif ediləcək


Layihənin mütəxəssisləri monitorinq və qiymətləndirmə meyarları, aqrar məsləhət xidmətlərinin qiymətləndirilməsi üzrə nəticələr, aqrar sahənini xəritələşməsinin güclü, zəif cəhətlərinin analizi barədə təqdimatlar ediblər.

FAO-nun Romadakı baş qərargahında layihənin baş texniki meneceri olan Nevena Aleksandrova Kənd Təsərrüfatı Nazirliyi və alt qurumlarına layihənin icrası ilə bağlı verdikləri dəstəyə görə təşəkkürünü bildirib. O, qarşıdakı aylarda aqrar məsləhət xidməti modelləri üzərində daha intensiv müzakirələr aparılacağına diqqət çəkib.

Layihənin əsas benefisiarı olan Aqrar Elm və İnnovasiya mərkəzinin baş mütəxəssisi Yaqub Quliyev fermerlər arasında aqrar məsləhət xidmətlərindən istifadənin təşviq olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, fermerlər aqrar sahədəki yeni texnologiyalara daha çox maraq göstərməlidir. İşçi qrupun üzvləri layihə tərəfindən hazırlanacaq strategiyada Azərbaycan üçün təklif ediləcək aqrar məsləhət xidmətləri modelində dövlət və özəl xidmət təminatçılarının fəaliyyətlətinin dəqiq təsvir olunmasının vacibliyini bildiriblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov fermerlərin aqrar məsləhət xidmətlərindən istifadəsi üçün subsidiya mexanizminin tətbiqində Türkiyə modelinin araşdırılmasını təklif edib. Layihə rəhbəri Gülcahan Qurbanova həm qabaqcıl beynəlxalq təcrübələrin, həm də yerli tələblərin nəzərə alınaraq, ölkə üçün uyğun model hazırlanacağını, həmin modeldə bütün bu məqamların nəzərə alınacağını bildirib.