Qala qoyun cinsi


Qala qoyun cinsi. Abşeron yarımadasında Şirvan qoyun cinsinin qolu olan Qala qoyunu yetişdirilir. Qoçların canlı kütləsi 56-100 kq, ana qoyunların canlı kütləsi isə 48-76 kq-dır. Qala qoyunların quyruğu sallaq və iki hissədən ibarətdir. Quyruğunun çəkisi 3,4-4,5 kq-a çatır. Qoçların orta yun qırxımı 3,4-4,5 kq, ana qoyunlarından isə 2,8 kq yun alınır. Bu qoyunların vaxtilə ən çox və geniş yayılma arealı Qala kəndi olmuşdur. Çünki, bu cins bilavasitə həmin kənddə yetişdirilmişdir.

Qoyunların zootexniki normalar üzrə yemləndirilməsi onların məhsuldarlığının artırılmasına mühüm təsir göstərir. Yemlərin hazırlanması norma üzrə qoyunlara verilməsi fermer və təsərrüfat rəhbərləri üçün vacibdir. Qoyunların məhsuldarlığına onların tam qidalı yemləmə səviyyəsinin təsiri vardır. Qoyunların yem payının 30-35 %-ni qaba yemlər, sulu şirəli yemlər 50-%-ə qədər, qarışıq yemlər 15-20 % təşkil etməlidir. İl ərzində orta hesabla 1 baş qoyun üçün 550 yem vahidi və 52 kq həzm olunan protein tələb olunur. İl ərzində yaşlı qoyun üçün ot 2 sent. doğranmış küləş 1,5sent. silos 9 sent. qarışıq yem 0,8 sent. ot (yaşıl) 10 sent. tələb olunur ki, bu da ümumi qidalılığa görə 15,7,   27,15 və 36 % təşkil edir.

Qoyunların yemləndirilməsi onların yaşı, cinsiyyət və fizioloji vəziyyəti nəzərə alınaraq həyata keçirilir. Qoyun cinslərinin məhsuldarlıq istiqamətindən asılı olaraq zülal və enerji mübadiləsi ilin fəsilləri üzrə müxtəlif olur. Əmizdirən anaclarda mübadilə yüksək olmaqla süd məhsuldarlığı ilə sıx bağlıdır. Erkəklərdə dişi toğlu və axtalara nisbətən maddələr mübadiləsi yüksəkdir.

Enerjinin mənimsənilməsi, onun yem payının quru maddəsindəki miqdarından aslıdır. Yem payının qidalılığı və enerjisi qoyunun tələbatına uyğun gəlməlidir.

Qoyun əti yüksək kaloriyə malik olduğuna görə əhali arasında qoyun əti çox həvəslə yeyilir. Onun piyindən və südündən ərzaq məhsulu kimi istifadə olunur. Qoyunlardan gön-dəri, xəz, kürk və s. məhsullarda əldə edilir. Beləliklə, istehsal olunan məhsulun növ müxtəlifliyinə görə kənd təsərrüfatı heyvanları içərisində qoyunlar birinci yer tutur.

Qoyunçuluq məhsulları içərisində yun xüsusi əhəmiyyət kəsb edir. Yunun yüksək fiziki-mexaniki və texnoloji xassələri ilə əlaqədar olaraq ondan çox qiymətli parçalar, gəbə və xalça məmulatları, trikotaj malları, keçə, xurcun, farmaş və gigiyeniki cəhətcə dəyərli yorğan-döşək hazırlanır.Qoyun südü başqa kənd təsərrüfat heyvanlarından alınan südə nisbətən tərkibi qidalı maddələrlə daha zəngindir. Qoyun südündən yüksək qidalıq dəyərinə malik olan pendirlər hazırlanır.








Oxşar mövzular